...

Belçika Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib

06.02.2022

Brüssel şəhərində fəaliyyət göstərən Belçika Azərbaycan Evində bu ölkədə və Niderlandda yaşayan azərbaycanlılarla görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı səfirliyinin məsul nümayəndələrinin qatıldıqları tədbirdə Belçika Azərbaycan Evinin fəaliyyət strategiyası və istiqamətləri müzakirə edilib, iş planı müəyyənləşdirilib, təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb. Tədbirdə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika və Niderland üzrə əlaqələndiriciləri İlkin Hüseynzadə və İlkanə Qoca da iştirak edib.
Görüşdə çıxış edən DİDK sədrinin müavini Elşad Əliyev Komitənin həyata keçirdiyi layihələrdən, bu layihələr çərçivəsində xarici ölkələrdə açılmış Azərbaycan Evlərinin fəaliyyətindən, soydaşlarımızın bir araya gətirilməsi və yerli ictimaiyyət üçün maraqlı məkana çevrilməsinin əhəmiyyətindən danışıb, Avropanın siyasi mərkəzi hesab olunan Belçikadakı Azərbaycan Evində həm də Niderlandda yaşayan soydaşlarımızın müxtəlif tədbirlər və toplantılar keçirə biləcəklərini nəzərə çatdırıb.
Sonra DİDK sədrinin müavini Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlər planına diqqəti cəlb edib. Tədbirlər planı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ölkəmizin Belçikadakı səfirliyinin birinci katibi Vüsal Məmmədov bildirib ki, Azərbaycan həqiqətlərinin Avropaya çatdırılması üçün Belçikada yaşayan soydaşlarımızın potensialından səmərəli şəkildə istifadə olunması baxımından Azərbaycan Evləri böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Belçika Azərbaycanlıları Federasiyasının həmsədri Rəşad İbrahim,
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi İlkanə Qoca, “Odlar Yurdu” Niderland-Azərbaycan Cəmiyyətinin sədri Firəngiz Bağırova, BAK-ın sədr müavini, rəssam Rasim Hüseynov, BAK-ın fəal üzvü Lamiyə Babayeva və başqaları çıxış edərək, xaricdəki soydaşlarımız arasında xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, azərbaycanlı uşaqların və gənclərin tarixi vətənlərinə bağlılığının artırılması, doğma dilimizi unutmaması və digər məsələlərlə bağlı təkliflərini səsləndirib, bu istiqamətdə hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Görüşdə Belçika Azərbaycan Evinin ofis meneceri vəzifəsinə Orxan Şükürovun təyin olunması barədə qərar qəbul edilib.
Sonda rəssam Rasim Hüseynovun rəsm əsəri və “Qarabağ” futbol klubunun geyimi Belçika Azərbaycan Evinə hədiyyə edilib.