...

Gənc soydaşlarımız Florida Beynəlxalq Universitetindəki sərgidə ölkəmizi təmsil ediblər

02.02.2022

ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Tələbə Təşkilatı yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində təşkil edilən tələbə təşkilatlarının sərgisində ölkəmizi təmsil edib.

Azərbaycan guşəsində ölkəmizin qədim və müasir memarlıq abidələrinin fotostendi qurulub, zəngin mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən suvenirlər nümayiş etdirilib. Azərbaycan-Amerika Tələbə Təşkilatının həmtəsisçisi, universitetin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Aydın Eminov guşəni ziyarət edən tələbələrə və xarici qonaqlara ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, milli adət-ənənələri, turizm potensialı, 2020-ci ilin payızında baş verən Vətən müharibəsinin səbəb və nəticələri barədə ətraflı məlumat verib. Cənubi Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin təminatçısına çevrilmiş ölkəmizin hazırda Qarabağ bölgəsinin dirçəldilməsi naminə irimiqyaslı yenidənqurma layihələri həyata keçirdiyinə diqqəti cəlb edib. Ziyarətçilərin ölkəmizlə bağlı suallarına aydınlıq gətirilib.

Sərgidən sonra azərbaycanlı tələbələr birlikdə 2 fevral – Azərbaycan Gəncləri Gününü qeyd ediblər.

Xatırladaq ki, Azərbaycan-Amerika Tələbə Təşkilatı ölkəmizin tarixini, mədəniyyətini, milli mətbəxini yerli ictimayyət və tələbə gənclər arasında tanıtmaq, Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq məqsədilə yaradılıb.