...

Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsi anılıb

02.02.2022

Ukraynanın Xarkov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin şəhid olmasının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə öncə Milli Qəhrəmanın vaxtilə yaşadığı binaya həkk olunmuş xatirə lövhəsinin önünə Viktor Seryoginin ailə üzvləri, Xarkov Şəhər Şurasının və Azərbaycan diasporunun nümayəndələri güllər düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhər məscidinin axundu Niyaməddin Babayev qəhrəmanın ruhuna dualar oxuyub.

Tədbir iştirakçıları qarşısında çıxış edən “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərov 1992-ci ildə pilot Viktor Seryoginin I Qarabağ savaşında göstərdiyi şücaətdən, onun idarə etdiyi helikopterin Şuşa şəhəri üzərində vurulmasından, bu qədim Azərbaycan şəhərinin 28 il sonra Vətən müharibəsi zamanı erməni işğalçılarından azad edilməsindən ətraflı danışıb. Oksana Seryogina atasının qəhrəmanlığının unudulmamasına, xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan dövlətinin rəhbərliyinə, Azərbaycan diasporuna və şəhər ictimaiyyətinə minnətdarlığını bildirib.

“Dostluq” Mədəni-Tədris Mərkəzində davam etdirilən anım mərasimində Murad Ömərov, Şevçenko rayon Təhsil İdarəsinin əməkdaşı Yelena Silçenko, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və “Aynur Xatun” Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Kifayət Cəfərova çıxış ediblər. Onlar Azərbaycan dövlətinin və diasporunun Viktor Seryoginin şücaətini yüksək qiymətləndirdiyinə, Milli Qəhrəmanın ailə üzvlərinə xüsusi diqqət və qayğı ilə yanaşıldığına, belə qəhrəmanların gənclər arasında təbliğ olunmasının əhəmiyyətinə diqqəti cəlb ediblər.

Sonra Azərbaycanın Milli Qəhrəmanının xatirəsinin Xarkovda əbədiləşdirilməsi ilə bağlı “Dostluq” Cəmiyyətinin son 20 il ərzində gördüyü işlərə həsr olunmuş videosüjetlər və slaydlar nümayiş etdirilib.