Vyanada Azərbaycan icması ilə görüş təşkil edilib
Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Avstriyadakı Azərbaycan icması ilə görüş keçirilib.
Yenidən təşkilatlanmadan sonra geniş tərkibdə baş tutan ilk toplantıda bildirilib ki, bu il yaradılmasından 20 il ötən birlik Azərbaycanın Avstriyada tanıdılması və iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərib. Pandemiya dövründə yaranan durğunluq səbəbindən təşkilatın yeni idarə heyəti seçilib, nizamnamədə fəaliyyət istiqamətləri genişləndirilib və müxtəlif sahələri əhatə edən tədbirlər planı hazırlanıb.
Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Avstriyadakı xüsusi müxbiri Elgün Niftəli, birliyin fəxri sədri, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin məsul əməkdaşı Tofiq Mürşüdlü, birliyin sədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşı Kamal Əkbərov, birlik sədrinin müavini, Vyanada təhsil alan fəal tələbə Sahilə Rzazadə, Azərbaycanın Avstriyadakı səfirliyinin konsulluq bölməsinin rəhbəri, birinci katib Əli Qarayev çıxış ediblər. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş parlaq qələbədən sonra Cənubi Qafqaz regionunda yaranmış reallıqlar baxımından Azərbaycanın xarici siyasəti sahəsində və diaspor fəaliyyətində yeni prioritetlər meydana gəlib. Məhz buna görə birlik Avstriyada yaşayan bütün soydaşlarımızı Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması və yerli qurumlarla səmərəli əməkdaşlığın təşkili naminə öz ətrafında birləşməyə dəvət edir. Birliyin Avstriya və Azərbaycanın dövlət qurumları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirməyə çalışdığı, Avstriyadakı bütün yaş və sosial qrupları təmsil edən soydaşlarımız üçün açıq olduğu xüsusilə vurğulanıb. Nəzərə çatdırılıb ki, yenidən təşkilatlanmadan keçən qısa müddət ərzində birlik Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə beynəlxalq piano müsabiqəsi elan edib.
Sonra birliyin yeni internet səhifəsi təqdim edilib. Sosial şəbəkə hesabları, üzvlüyə qəbul, əlaqə imkanları və fəaliyyətin təşkili üçün hazırlanmış onlayn sorğu ətraflı barədə məlumat verilib. Azərbaycan vətəndaşlarının ən çox rastlaşdığı problemlərdən, onların aradan qaldırılması üçün konsulluq şöbəsinə müraciət qaydalarından bəhs edilib.
Tədbir Avstriyada yaşayan beynəlxalq müsabiqələr laureatı, pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadənin, beynəlxalq müsabiqələr laureatı Orxan Cəlilovun ifasında Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət konsert proqramının təqdim olunması ilə davam edib. Konsert böyük maraq və alqışlarla qarşılanıb.
Konsertdən sonra Vyana Universitetinin doktorantı Aytən Əliyeva gənclər siyasəti və diaspor quruculuğu sahəsindəki təcrübəsindən danışıb. Azərbaycan Mədəniyyət Mərkəzində dil kurslarının rəhbəri, filologiya elmləri doktoru Yaqut Abdalla dil kursları barədə məlumat verib, soydaşlarımızı övladlarını həftəsonu “Azərbaycan dili kursları”na yazdırmağa dəvət edib.
Tədbir Azərbaycan icmasının fəaliyyətinin gücləndirilməsi barədə geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.