...

Norveçdə azərbaycanlı qızın taleyinə həsr olunmuş kitab nəşr edilib

28.01.2022

Oslo şəhərində norveçli yazıçı Terye Holmedalın (Terje Holmedahl) “Mən bunu bacaracağam. Azərbaycan haqqında hekayə” adlı kitabı nəşr olunub.

Norveç dilində çap olunan kitabda erməni işğalı nəticəsində doğma Cəbrayıl rayonundan didərgin düşmüş və 30 ilə yaxın müddət ərzində öz vətənində məcburi köçkün statusu ilə yaşamış Lalə adlı qızın taleyindən bəhs edilib. Real hadisələr əsasında qələmə alınmış əsərdə Lalənin ağır sınaqlardan keçdiyi, ailə üzvləri ilə birlikdə Cəbrayılda atasının öz əlləri ilə tikdiyi evi zorən tərk etməsi, Bakıda həyata yenidən başlaması və Gəncədən olan Samirlə ailə qurması kimi məqamlar təsvir edilib.

Kitabda xalqımızın qədim adət-ənənələrini əks etdirən Novruz bayramı, ölkəmizdə baş verən Qara Yanvar faciəsi, 44 günlük Vətən müharibəsi barədə məlumat verilib, Cəbrayılın azad olunduğu gün Lalənin “Facebook” şəbəkəsində status bölüşdüyü, “Mənim vətənim artıq azaddır, evimə qayıtmaq üçün səbirsizlənirəm” fikrini yazdığı nəzərə çatdırılıb.

Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatı “Mən bunu bacaracağam. Azərbaycan haqqında hekayə” adlı bu kitabın təqdimat mərasimini keçirmək niyyətindədir.

Qeyd edək ki, yazıçı Terye həyat yoldaşı ilə birlikdə üç il Azərbaycanda yaşayarkən yerli sakinlərlə dostluq münasibətləri qurub. Ancaq onun diqqətini daha çox Lalənin və ailəsinin hekayəsi cəlb edib. Bu barədə yazmaq üçün Lalədən icazə alıb. Kitab 2021-ci ilin dekabrında işıq üzü görüb.