...

Dnepropetrovskda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

24.01.2022

Ukraynanın Dnepropetrovsk şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbiri təşkil olunub.

Dnepropetrovşina Azərbaycanlıları Liqasının Milli Mədəniyyət Mərkəzində baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tarixçi alim Eldar Tağıyev, Dnepropetrovşina Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, diaspor fəalı Rövşən Nəbiyev çıxışlarında 20 Yanvar hadisələrinin səbəbləri və mahiyyəti, erməni müşavirlərlə əhatə olunan Mixail Qorbaçovun xalqımıza qarşı qərəzli, yolverilməz və ermənipərəst siyasət yürütdüyü barədə ətraflı məlumat verilib, ümummilli lider Heydər Əliyevin 20 Yanvar barədə fikirlərinə yer verilib. Bu faciənin xalqımızın əzmini qıra bilmədiyi, dövlət müstəqilliyinə nail olan xalqımızın 30 illik işğaldan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda qələbə çaldığı, Azərbaycanın gücünə bütün dünyanın şahid olduğu vurğulanıb.
Daha sonra Dnepropetrovskda fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəbinin şagirdləri şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Ukrayna Azərbaycanlıları Radasının fəallarının qatıldığı tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.