Vaşinqton şəhərində “Silahdaşlar” sənədli filmi nümayiş olunub
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar "Silahdaşlar" sənədli filmi nümayiş olunub.
“Baku Group”un təşkilatçılığı ilə Kino Sənəti Teatrında baş tutan anım tədbirində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Baku Group”un rəhbəri Gündüz Tahirli çıxış edərək, 32 il öncə baş verən faciəni respublikamızın ərazi bütövlüyünün qorunmasını tələb edən xalqımızın azadlıq və müstəqillik uğrunda mücadiləsinə qəsd kimi dəyərləndirib. Beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin təbliğ olunması naminə diaspor üzvlərini birlik və həmrəyliyə çağıran natiq "Baku Group” adından filmin nümayişinə böyük dəstək göstərən kinorejissor Şamil Nəcəfzadəyə minnətdarlığını bildirilib.
Sonra 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğu bildirilən, baş verənləri lentə alan kino işçilərinin fədakarlığından bəhs edən “Silahdaşlar” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi xalq artisti Ramiz Fətəliyev, quruluşçu rejissoru Nizami Abbasdır.