...

Norveçdəki həftəsonu Azərbaycan məktəbində 20 Yanvar faciəsindən danışılıb

24.01.2022

Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Ağla, qərənfil, ağla” mövzusunda virtual anım tədbiri keçirilib.

Tədbirdə həftəsonu məktəbinin müəllimi Arzu Rzayeva, “Yazarlar“ jurnalının baş redaktoru, şair və pedaqoq Zaur Ustac, 20 Yanvar hadisələrinin canlı şahidi, hazırda Estoniyada yaşayan Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İnarə Musayeva və başqaları çıxış ediblər. Onlar 32 il öncə baş verənlər barədə şagirdlərə ətraflı məlumat verib, məktəbli uşaqların belə qətlə yetirildiyi qanlı qırğının Azərbaycan tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlı səhifəsi kimi yazıldığını bildirib, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi kimi qiymətləndiriblər.

Tədbir zamanı həftəsonu məktəbinin şagirdləri Səlim Abbaszadə, Həmid Əli, Ənvər və Aida Ramberqlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, rəsm əsərləri təqdim olunub.