...

İzmirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

24.01.2022

Türkiyənin İzmir şəhərində 20 Yanvar faciəsinin 32-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İzmir-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin və Bornova Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Altındağ Kültür Mərkəzində baş tutan tədbirdə ictimai təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İzmirdə yaşayan soydaşımız Roza İbadovanın moderatorluğu ilə aparılan tədbirdə İzmir-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tuna, alim İsmət Arpaslan və jurnalist Nigar Ögeday çıxış ediblər. Onlar 32 il öncə baş verənləri erməni separatçılarının cinayətlərinə etiraz səsini ucaldan, respublikamızın ərazi bütövlüyünün qorunmasını tələb edən xalqımızın azadlıq və müstəqillik mücadiləsinə qəsd kimi qiymətləndiriblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan Zəfəri “Bir ölər, min dirilərik” deyiminə nümunə göstərən natiqlər bütün çətinliklərə baxmayaraq, hazırda ölkəmizin Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini vurğulayıblar.

Tədbir 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə başa çatıb.