...

Manisa şəhərində 20 Yanvar faciəsi ilə bağlı brifinq olub

22.01.2022

Türkiyənin Manisa şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar brifinq keçirilib.

Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyi, Manisa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə pandemiya məhdudiyyətləri çərçivəsində baş tutan tədbirdə müxtəlif siyasi və ictimai təşkilatların nümayəndələri, media təmsilçiləri və azərbaycanlı tələbələr iştirak ediblər.

Brifinqdə Manisa-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül, Dr. İrfan Murat Yıldırım ve Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının qurucusu və sədri Seyfettin Ayakyay, azərbaycanlı tələbə Coşqun Əkbərov çıxış ediblər. 20 Yanvar faciəsi barədə ətraflı məlumat verən natiqlər həmin dövrdə Bakıda hökm sürən mübariz ruhdan danışıblar. Qeyd edilib ki, 20 Yanvar tarixi Azərbaycanın müstəqillik məşəlinin alovlandığı gündür. “Biz tankların və ağır silahların qarşısına əliyalın olaraq qorxmadan çıxan 20 Yanvar şəhidlərini rəhmətlə yad edirik”, - deyə Şentürk bildirib.

Tədbir 20 Yanvar şəhidlərinə ithaf olunmuş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.