...

Giresun şəhərində 20 Yanvar şəhidləri yad edilib

22.01.2022

Türkiyənin Giresun şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, 20 Yanvar şəhidlərinin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə dərnəyin sədri Elgün Məmmədov və Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli çıxış ediblər. Onlar qeyd ediblər ki, 32 il öncə tanklarla, ağır silahlarla Bakıya daxil olaraq yüzdən çox vətəndaşımızın şəhid olmasına göstəriş verən SSRİ rəhbərliyini və sovet ordusunu hiddətlə qınayırlar. Qeyd edilib ki, Bakıdakı qanlı cinayət heç bir vaxt unudulmayacaq və xalqımız hər zaman Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin əmanətinə sahib çıxacaq.

"II Qarabağ Savaşında vətən uğrunda həm yoldaşımı, həm də qardaşımı şəhid verdim. Düşmənlərimiz bilsin ki, müstəqilliyimiz uğrunda hər bir azərbaycanlı canından keçməyə hazırdır", - deyə Nargül İbrahimli bildirib.

Xatırladaq ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərə ehtiram əlaməti olaraq 27 sentyabr – Anım Günündə paytaxt Bakıda keçirilən yürüşdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhid baş leytenant Adil İbrahimlinin şəkilini daşıyıb.