Kişinyov şəhərində 20 Yanvar şəhidləri yad edilib
Moldovanın paytaxtı Kişinyov şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Azərbaycanın bu ölkədəki səfirliyində baş tutan tədbirdə iki ölkənin Dövlət Himnləri səsləndirilib və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, diaspor fəalları Maarif Rəhimov, Yasin Seyidov və Xaqani Kərimov bildiriblər ki, 32 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı indiyədək ədalətsiz olaraq qətlə yetirilən övladlarının itkisi ilə əlaqədar dərin hüzn və kədər hissi keçirir. “Biz hamımız əbədi olaraq məzar daşlarında ölüm tarixləri 20 yanvar 1990-cı il yazılan şəhidlərimizin xatirəsini əziz tutmalıyıq”, - deyə E.Bayramov qeyd edib.
Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü, 20 Yanvar hadisələrini əks etdirən anım guşəsi ziyarət edilib.