...

Avstraliya azərbaycanlıları 20 Yanvar şəhidlərini anıblar

22.01.2022

Avstraliyada 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar virtual anım tədbiri keçirilib.

Avstraliya Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə baş tutan tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə assosiasiyanın sədri Mikayıl Oyta, Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, Türkiyənin Sidneydəki Baş konsulu Əli Sevim, AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbiri Vüqar Ağayev, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Avstraliya təmsilçisi Sara Azərsun, GADTB-nin sədri Əjdər Tağızadə və sədr müavini Eldar Qaradağlı çıxış ediblər. Natiqlər Mixail Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyinin yarıtmaz, yolverilməz və ermənipərəst siyasəti nəticəsində 20 Yanvar faciəsinə gətirib çıxaran proseslər barədə ətraflı məlumat veriblər. Baş verən dəhşətli qırğına beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və hüquqi-siyasi qiymət vermək məqsədilə ulu öndər Heydər Əliyevin dərhal Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdiyi, bu addımın SSRİ rəhbərliyinin və sovet ordusunun qanlı əməllərinin ifşa edilməsində əvəzsiz rol oynadığı, xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyi nəzərə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən və misilsiz siyasəti nəticəsində Vətən müharibəsində əldə edilən böyük Zəfər 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını göstərdi.

Sonra 20 Yanvar faciəsini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.