...

Yaponiya azərbaycanlıları 20 Yanvarla əlaqədar bəyanat yayıb

22.01.2022

Yaponiya-Azərbaycan Dostluq Mərkəzi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Mərkəzin sədri Xəlil Kələntərin imzası ilə Yaponiyanın rəsmi qurumlarına və ictimaiyyətinə ünvanlanan bəyanatda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yarıtmaz, yolverilməz, ermənipərəst siyasət yürüdən Mixail Qorbaçovun başçılıq etdiyi SSRİ rəhbərliyinin fövqəladə vəziyyət elan etmədən, yerli və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıda və Azərbaycanın digər bölgələrində dinc azərbaycanlılara qarşı qanlı qırğın törətdiyi barədə ətraflı məlumat verilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək mətbuat konfransı keçirdiyi, SSRİ rəhbərliyini xalqımıza qarşı amansız cinayət törətməkdə ittiham etdiyi, sovet qoşunlarının Azərbaycandan çıxarılmasını, cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb etdiyi, Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra onun təşəbbüsü ilə Milli Məclisdə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyi bildirilib.

“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi olaraq biz dinc vətəndaşlarımızın qanına qəltan edilməsinin təşəbbüskarlarını və icraçılarını hiddətlə pisləyirik. 20 Yanvar qurbanlarının məqsəd və arzuları Azərbaycan xalqının əzmkarlığı və mübarizəsi sayəsində gerçəkləşib. Azərbaycan nəinki müstəqil dövlət olub, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Bu, şəhidlərimizin xatirəsinə ən qiymətli töhfədir”, - deyə vurğulanıb.