...

Kiyevdə 20 Yanvar şəhidləri yad edilib

22.01.2022

Ukraynanın Kiyev şəhərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyevdəki mərkəzi ofisində baş tutan tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə UAR həmtəsisçisi Oleq Krapivin, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Sabir Rzayev, UAR baş katibi Ceyhun Məmmədov, Kiyev Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri Ələsgər Məhərrəmov, Faiq Hüseynov, UAR aparat rəhbəri Elşad İbrahimov, diaspor fəalı Pərviz Abbasov və başqaları çıxış ediblər.

32 il öncə SSRİ rəhbərliyinin yarıtmaz, yolverilməz və ermənipərəst siyasəti nəticəsində sovet qoşunlarının Bakıda SSRİ vətəndaşları olan azərbaycanlılara qarşı törətdikləri qanlı qırğının canlı şahidləri qeyd ediblər ki, yalnız birlik yolu ilə Azərbaycan xalqı bütün çətinliklərin öhdəsindən gələ bilər. Qarabağın azad edilməsi və ədalətin bərpa olunması naminə 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən birlik və həmrəylik buna bariz nümunə kimi göstərilib.

Natiqlər xatırladıblar ki, 20 Yanvar faciənin ertəsi günü bütün təhlükələrə baxmayaraq, həmin dönəmdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Daimi Nümayəndəliyinə getməsi və SSRİ rəhbərliyinin ağır cinayətdə ittiham etməsi xalqımıza və diasporumuza böyük dəstək olmaqla yanaşı, Bakı həqiqətlərinin ildırım sürəti ilə dünyada yayılması ilə nəticələndi. SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətin xalqımızın əzmkarlığını sarsıda bilmədiyi, 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərqərar edildiyi nəzərə çatdırılıb.