...

Strasburqda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

21.01.2022

Fransanın Strasburq şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri və ölkəmizin dostları iştirak ediblər. Tədbir iştirakçıları 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, şərqşünas araşdırmaçı Şirin Melikoff və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva çıxışları zamanı bildiriblər ki, ölkə tarixinə faciə, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar hadisələri xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. SSRİ rəhbərliyinin əmri əsasında sovet ordusunun xalqımıza tutduğu qanlı divan onun azadlıq əzmini sındıra bilməyib və respublikamızın dövlət müstəqilliyinin bərqərar olmasına gətirib çıxarıb. Yanvar hadisələri zamanı Bakı həqiqətlərinin erməni icmasının səyləri və sovet təbliğat maşınının təsiri ilə Fransa mətbuatında təhrif olunmasına, Azərbaycanın azadlıq uğrunda mübarizəsinə kölgə salınmasına davamlı cəhdlər göstərildiyi vurğulanıb.
Ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Sovet İttifaqının paytaxtında verdiyi cəsarətli bəyanatla xalqımızın əyilməz mübarizə ruhunu daha da gücləndirdiyi, Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin rəşadəti və şəhidlərimizin qanı bahasına əldə edilən Zəfərin amalı azadlıq və müstəqillik olan 20 Yanvar qəhrəmanlarının ruhunu şad etdiyi bildirilib.
“20 Yanvar hadisələri xalqımızın azadlıq ideyalarına köklənən milli təfəkkürünün dərinləşməsinə güclü təsir göstərib”, - deyən Mehriban Ovçuyeva xaricdəki Azərbaycan diaspor təşkilatlarının və icmalarının 20 Yanvar həqiqətlərinin geniş yayılması üçün daha mütəşəkkil şəkildə fəaliyyət apardığına diqqəti cəlb edib.
Tədbir Azərbaycan Televiziyasının istehsalı olan “Tarixin izi ilə – 20 Yanvar” sənədli filmi nümayişi ilə davam edib.