...

İsveç Azərbaycanlıları Koordinasiya Şurası 20 Yanvar şəhidlərini anıb

21.01.2022

İsveçdəki Azərbaycan diasporu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar onlayn formatda anım tədbiri keçirib.

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının (İAKŞ) və "Odlar Yurdu" İsveç- Azərbaycan Mədəniyyət Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə tarixçi alimlər, diaspor təşkilatlarının nümayəndələri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

İAKŞ sədri İradə Əliyevanın moderatorlugu ilə aparılan tədbirdə BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Boran Əziz, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Qasım Hacıyev, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, diaspor üzvləri Abdulla Amir Haşimi Cavanşir, Eldar Qaradağlı, rejissor Rahim Sadiqbəyli, jurnalist Kamran Orucov və İAKŞ idarə heyətinin üzvləri çıxış ediblər. 20 Yanvar faciəsi zamanı şahid olduqları dəhşətli hadisələri xatırladan tədbir iştirakçıları bu qanlı cinayəti radikal erməni separatizminə etiraz edən, respublikamızın ərazi bütövlüyünü və Qarabağdakı vətəndaşlarımızın hüquqlarının qorunmasını tələb edən xalqımızın haqlı mübarizəsinə qəsd kimi dəyərləndiriblər.