Tallin şəhərində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri olub
Estoniyanın Tallin şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Estoniyada fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyənin bu ölkədəki səfirliklərinin əməkdaşları, Estoniya parlamentinin üzvləri, Estoniya Mədəniyyət Mərkəzinin tabeliyindəki İnteqrasiya Fondunun əməkdaşları, Azərbaycan diasporunun və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, 20 Yanvar faciəsinin canlı şahidləri Vəlyəddin Kərimxanov və estoniyalı jurnalist Andres Raid, Estoniya parlamentinin deputatları Mihhail Korb və Julia Timerbulatova çıxış ediblər. Onlar 1990-cı ilin yanvarında Bakıda baş verən qanlı qırğın zamanı şahid olduqları hadisələrdən, tankların qarşısına əliyalın çıxan xalqımızın əzmkarlığından, beynəlxalq hüquq normalarına zidd cinayətin bütün dünyada, o cümlədən Estoniyada doğurduğu əks-sədadan, Azərbaycan və eston xalqlarının müstəqillik uğrunda apardığı mübarizədən danışıblar.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbir çərçivəsində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş anım guşəsi təşkil edilib.