...

İğdırda 20 Yanvar şəhidləri anılıb

21.01.2022

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə Kültür və Türizm Müdirliyinin konfrans zalında baş tutan tədbirdə İğdır valisi Hüseyin Engin Sarıibrahim, Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin birinci müavini Valeh Hacıyev, baş prokuror Serkan Başaran, Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.

Tədbiri giriş sözü ilə açan İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, 20 Yanvar ürəyindən və biləyindən başqa silahı olmayan, azadlığa susamış qəhrəman bir millətin müstəqillik mücadiləsi olub. “Onlar qanlarını və canlarını verdilər, amma türk dünyasına və türk cocuqlarına qürurlu bir ölkə ilə azad Vətən buraxdılar. Vətənini canından əziz bilən, bədənini sipər edərək Azərbaycan türkünün müstəqillik yolunu açan vətənpərvər insanlar Şəhidlər Xiyabanında yatır. Ruhları şad olsun! 20 Yanvarı unutmadıq, unutmayacağıq”, - deyə dərnək sədri vurğulayıb.

DİDK sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 32 il öncə xalqımız dünyaya bir daha müstəqillik və azadlıq uğrunda savaşdığını nümayiş etdirib. “200 il dünyada əsən rüzgarlar, törədilən cinayətlər, soyqırımlar niyə həmişə türkün başına gəlib? Bu 200 il içində Anadolu türkü olaraq, Azərbaycan türkü olaraq çox soyqırımlara uğradıq. 20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş həm bir faciə, həm soyqırımı, həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri idi”, - deyə komitə sədrinin birinci müavini nəzərə çatdırıb.