Bişkek şəhərində 20 Yanvar şəhidləri yad edilib
Qırğızıstanın paytaxtı Bişkek şəhərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.
“Azəri” ictimai birliyinin və ölkəmizin Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan mərasim 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, “Azəri” ictimai birliyinin sədri Əzizağa Əliyev, “TÜRKEL” media qrupunun baş redaktoru Ramiz Məşədihəsənli 20 Yanvar faciəsinin tarixi barədə ətraflı məlumat veriblər. Natiqlər sovet rəhbərliyinin əmri ilə SSRİ vətəndaşları olan azərbaycanlılara qarşı amansız qətliam törədilməsini radikal erməni separatçılarının əsassız ərazi iddialarına haqlı olaraq etiraz səsini ucaldan və respublikamızın ərazi bütövlüyünün qorunmasını tələb edən xalqımızın azadlıq və müstəqillik mübarizəsinə qəsd kimi dəyərləndiriblər. Qanlı yanvar gecəsi Bakı sakinlərinə milliyyətindən, yaşından asılı olmayaraq, xüsusi qəddarlıqla divan tutan totalitar sovet rejiminin öz məkrli məqsədinə nail ola bilmədiyi, mübariz xalqımızın müstəqillik ruhunu boğa bilmədiyi nəzərə çatdırılıb.
“Ən ağır dövrdə dahi şəxsiyyət Heydər Əliyev xalqımızın tamhüquqlu lideri olaraq qaldı. Onun 1990-cı ilin 21 yanvar tarixində Moskvadakı Daimi Nümayəndəliyimizdə SSRİ rəhbərliyini Bakıda baş vermiş qanlı hadisələrdə ittiham edən cəsarətli, kəskin bəyanatı dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb etdi”, - deyə səfir vurğulayıb.
Qeyd edilib ki, yalnız xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə isə xalqımız və ordumuz erməni işğalından torpaqlarımızı azad etməklə tarixi missiyanı yerinə yetirib. “Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan bundan sonra yalnız irəli gedəcək”, - deyə Əzizağa Əliyev söyləyib.
Tədbir zamanı “Qara Yanvar” sənədli film nümayiş etdirilib və 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş olunub.