Perm şəhərində anım tədbiri təşkil edilib
Rusiyanın Perm şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
Perm diyarı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin və nəzdindəki Gənclər Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Perm diyarı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Çingiz İsayev və başqaları SSRİ rəhbərliyinin yarıtmaz, yolverilməz və ermənipərəst siyasəti nəticəsində 32 il öncə Bakıda törədilən qanlı qırğın barədə ətraflı danışıblar. Faciənin canlı şahidləri bildiriblər ki, fövqəladə vəziyyət elan etmədən sovet qoşunlarına SSRİ vətəndaşları olan dinc azərbaycanlıları qətlə yetirmək əmrini verərkən SSRİ rəhbərliyi yerli və beynəlxalq qanun normalarını kobudcasına pozublar. Bu qəddar və amansız qətliamın xalqımızın iradəsini və əzmkarlığını sarsıda bilmədiyi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi yada salınıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi 20 Yanvar şəhidlərinin arzusunun gerçəkliyə çevrilməsi kimi dəyərləndirilib.
Konfrans 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə davam edib.