...

Sankt-Peterburq şəhərində 20 Yanvar şəhidləri anılıb

20.01.2022

Rusiyanın Sankt-Peterburq şəhərindəki Lensovet adına Mədəniyyət Sarayında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Rusiyanın şimal paytaxtında fəaliyyət göstərən Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin və Azərbaycanın bu şəhərdəki Baş konsulluğunun təşkilatçılığı ilə baş tutan anım mərasimində diasporumuzun və yerli ictimaiyyətin 100-dən çox nümayəndəsi iştitrak edib.

Ölkəmizin Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, ruhani Hacı Vüqar və başqaları çıxış ediblər.

Bildirilib ki, xalqımız SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər bölgələrində dinc xalqımıza qarşı törətdiyi amansız repressiya aktını heç bir zaman unutmayacaq. “20 Yanvar günü qətlə yetirilən qurbanların sayı dəhşət doğurur. 137 dinc sakin öldürülüb, 700-dən çox insan yaralanıb, 841 nəfər məhkəməsiz və istintaqsız həbs edilib. Həmin gecə dinc Azərbaycan vətəndaşları müasir Azərbaycan dövlətinin müstəqilliyi və azadlığı uğrunda canlarından keçdilər”, - deyə V.Məmişov nəzərə çatdırıb.

O dönəmdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birgə faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənlərin ünvanına kəskin bəyanatla çıxış etməsi cəsarətli addım adlandırılıb. Bütün təhlükələrə baxmayaraq, dahi şəxsiyyətin xalqımızın başına gətirilən müsibəti dünya ictimaiyyətinə çatdırmaqla sovet rəhbərliyinin Azərbaycan ətrafında yaratdığı informasiya blokadasını yardığı vurğulanıb.

“Yanvar faciəsinin qəhrəmanlarını və qurbanlarını unutmuruq, hər zaman yad edirik. Həmin gün Azərbaycanın faciəli tarixlərini unutmağa yol vermir. Hər şey gözümün qabağında, evimin yanında baş verirdi”, - deyən Baş konsul S.Qasımov acı təəssüratlarını bölüşüb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və sağlamlığını itirən 20 Yanvar əlillərinin sosial təminatı məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşdığına diqqəti cəlb edən natiqlər vurğulayıblar ki, Azərbaycan gələcəkdə heç bir dövlətə və xalqa qarşı belə dəhşətli faciənin törədilməsini arzulamır.

Qonaqlar “Qara Yanvar” başsağlığı kitabına xalqımızın kədərinə şərik olduqları barədə ürək sözlərini və düşüncələrini yazıblar.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.