...

İtaliyada yeni diaspor təşkilatımız rəsmi qeydiyyata alınıb

20.01.2022

İtaliyanın Merano şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun “ECN Mədəniyyət Assosiasiyası” adlı yeni təşkilatı dövlət qeydiyyatından keçib.

Multikultural dəyərlərə malik olan Meranoda yaşayan soydaşımız Mehriban Ağayevanın təşəbbüsü ilə təsis olunan təşkilatda müxtəlif millətlərin nümayəndələri təmsil olunur.

Qeyd edək ki, Xocavənd rayonunda anadan olan Mehriban Ağayeva ixtisasca hüquqşünasdır. 2013-cü ildən etibarən ailəsi ilə birlikdə Merano şəhərində yaşayır. Meranoda Azərbaycan tarixini, mədəniyyətini və mətbəxini davamlı olaraq təbliğ edən soydaşlarımızdan biridir.

Qeyd edək ki, M.Ağayevanın ailəsi erməni işğalının bütün acıları ilə üzləşib. Qaradağlı faciəsi zamanı erməni cəlladları onun 32 qohumunu qətlə yetirib, ailəsi isə məcburi köçkün həyatını yaşayıb. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılmasında Mehriban xanım xüsusi fəallığı ilə seçilib.