“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) 20 Yanvar – Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib.
DİDK rəhbərliyinin moderatorluğu ilə aparılan konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar faciəsinin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslərdən söz açılıb. Bildirilib ki, həmin dövrdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyev bütün təhlükələrə baxmayaraq, faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, SSRİ rəhbərliyinin göstərişi əsasında sovet vətəndaşı olan dinc və günahsız azərbaycanlılara qarşı törədilmiş qanlı qırğına kəskin etirazını bildirib, cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Bu cəsarətli addım Bakı həqiqətlərinin dünyaya çatdırılmasında və ölkəmizin ətrafında yaradılmış informasiya blokadasının yarılmasında mühüm rol oynayıb.
Tədbir 20 Yanvar faciəsinə həsr olunmuş “Əbədiyyət sinfoniyası” adlı videoçarxın (müəllif Oqtay Orucov) nümayişi ilə davam edib.
Sonra Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun “20 Yanvar faciəsinin tarixi-siyasi aspektləri” və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyevin “20 Yanvar faciəsinə hüquqi baxış” mövzularında məruzələri dinlənilib.
Məruzə ətrafında çıxış edən İordaniyadakı Azərbaycan diasporunun rəhbəri, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının İordaniyadakı əlaqələndiricisi Zümrüd Dadaşova, Ukraynada yaşayan hüquq elmləri doktoru, professor Arif Quliyev və başqaları 32 il öncə canlı şahidi olduqları hadisələrin heç bir zaman unudulmayacağını, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını 20 Yanvar şəhidlərinin müqəddəs arzusunun gerçəkləşdirilməsi kimi dəyərləndiriblər.
Konfransın gedişində Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru Lalin Həsənovanın təşəbbüsü ilə 20 Yanvar faciəsinə ithaf olunan videoçarx ilk dəfə təqdim edilib.
45 ölkədən 160 diaspor nümayəndəsinin qatıldığı tədbirin sonunda dünyanın müxtəlif ölkələrindəki həftəsonu Azərbaycan məktəblərinin şagirdləri 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.