Varşava Azərbaycan Evində azyaşlı soydaşlarımız üçün Azərbaycan dili kursu açılıb
Polşada yaşayan soydaşlarımızın azyaşlı övladları üçün Varşava Azərbaycan Evinin nəzdində kurslar təşkil olunub.
Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə yanvarın 15-dən fəaliyyətə başlayan kurslarda Azərbaycan və ingilis dilləri tədris olunur. Dərslərin hər həftənin şənbə günü 1 saat ərzində keçirilməsi nəzərdə tutulub. Uşaqlara dilləri Polşanın uşaq bağçalarından birinin ingilis dili müəllimi olan həmyerlimiz Esmira Şıxməmmədova öyrədir.
Kurslar ödənişsiz əsaslarla fəaliyyət göstərir. Yanvarın 15-də baş tutan ilk dərs kiçik soydaşlarımızda böyük maraq doğurub.