...

Vyana şəhərində beynəlxalq musiqi müsabiqəsi başlayır

10.01.2022

Avstriyanın Vyana şəhərində “Odlar Yurdunun sədaları” adlı beynəlxalq musiqi müsabiqəsi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə ölkəmizin mədəniyyətinin təbliği, iki dövlət arasında mədəni və elmi əlaqələrin inkişafı məqsədinə xidmət edir.

Birliyin sədri Kamal Əkbərov bildirib ki, tədbirin Avstriya paytaxtında təşkil edlməsi təsadüfi deyil, çünki dünyada klassik musiqinin beşiyi hesab edilən Vyana şəhəri peşəkar musiqiçilər, musiqisevərlər arasında xüsusi nüfuza malikdir. Qeyd edib ki, birliyin idarə heyətinin üzvləri və fəalları, eləcə də Avstriyada yaşayan azərbaycanlı musiqiçilər Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova beynəlxalq standartlara cavab verən peşəkar müsabiqənin hazırlanması üzərində ciddi iş aparıblar. Münsiflər heyətində Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Əməkdar artistlər Yusif Eyvazov və İslam Manafov, əslən bakılı olan professor Oleq Marşev, professor Ştefan Möller kimi nüfuzlu musiqiçilər təmsil olunurlar.

Beynəlxalq yarışda iştirak etmək istəyənlər müsabiqənin saytında qeydiyyatdan keçməklə öz ifalarını onlayn formatda münsiflər heyətinə təqdim edə biləcəklər. İştirakçıların Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmələri mütləq şərtdir.

Müsabiqənin final mərhələsi 21-22 may 2022-ci il tarixində Vyana şəhərində baş tutacaq. Müsabiqənin qaliblərinə pul mükafatlarının təqdim edilməsi ilə yanaşı, Azərbaycanda yerli orkestrlərlə birgə konsertlərinin təşkil olunması da nəzərdə tutulur.

Beynəlxalq müsabiqə barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

https://www.lofmc.com