İsraildə Həmrəylik Günü münasibətilə konsert təşkil edilib
İsrailin Rişon-le-Tsion şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirilib.
“Beyt Zrubavel” Mədəniyyət Mərkəzində baş tutan tədbir “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, tanınmış vokalçı Kameliya Yoffenin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak çıxış edərək, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, ölkələrimizin və xalqlarımızın sülh və rifah şəraitində yaşaması naminə hər kəsə uğurlar arzulayıblar.
Sonra Azərbaycanın İsraildəki Turizm Nümayəndəliyi adından Azərbaycan Neft və Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) məzunu, Tel-Əviv Universitetinin professoru, geoloq, geofizik Lev Eppelbauma medal təqdim olunub. Bu medal Azərbaycan Neft və Kimya İnstitutunun tanınmış məzunlarına təqdim edilir. Cavab nitqində israilli alim mükafata görə təşəkkürünü bildirib və doğma ali məktəbin fəxri professoru adını xüsusi şərəflə daşıdığını söyləyib.
Bayram konsertində Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Niyazinin, Fikrət Əmirovun və Tofiq Quliyevin əsərlərindən ibarət proqram təqdim olunub.