Torontodakı Azərbaycan dili sinfinin Həmrəylik Gününə həsr olunmuş dərsi keçirilib
Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhər təhsil mərkəzinin xarici dillər bölməsinin Azərbaycan dili sinfinin növbəti dərsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunub.
Sinif rəhbəri və müəllimi Yeganə Cəfərova, köməkçi müəllim Gülnar Nəsirovanın təşkilatçılığı ilə baş tutan bayram ovqatlı dərsdə valideynlər və Kanada-Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin idarə heyətinin üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərs zamanı şagirdlər valideynlərini və qonaqları bayramlar münasibətilə təbrik ediblər. Onlar şeirlər söyləyib, Azərbaycan rəqslərini və "Güc birlikdədir" adlı səhnəciyi nümayiş etdiriblər.
Tədbirin sonunda Kanada-Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin rəhbərliyi adından uşaqlara bayram hədiyyələri təqdim olunub.