...

Özbəkistan paytaxtında Həmrəylik Günü qeyd edilib

04.01.2022

Daşkənd şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşəbbüsü ilə baş tutan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə RAMMM sədri Firdovsi Hüseynov, diaspor fəalları İsmayıl Məmmədov, Nuranə Əliyeva, Yusif Əliyev və başqaları çıxış edərək, soydaşlarımızı bayramlar münasibətilə təbrik ediblər. Ümummilli lider Heydər Əliyevin hələ 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri olarkən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması ilə əlaqədar qəbul etdiyi qərarı xatırladan natiqlər bu addımın tarixi əhəmiyyətindən, dahi şəxsiyyətin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması naminə həyata keçirdiyi müstəsna xidmətlərindən danışıblar.

Özbəkistanda yaşayan Azərbaycan diasporu adından 60 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktubu və bu ölkədə yaşayan soydaşlarımızın dünya azərbaycanlılarına müraciəti təqdim edilib.

Sonra diaspor quruculuğunda göstərdikləri xidmətlərə görə diasporumuzun fəal üzvlərinə RAMMM-ın fəxri fərmanları verilib.

Tədbir konsert proqramı ilə davam edib.