...

Diaspor fəalları şəhid və qazi ailələrini ziyarət edib

02.01.2022

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliki Günü və Yeni il münasibətilə “Şəhidlərimizin əmanətinə sevinc bəxş edək!” adlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan diaspor fəallarının dəstəyi ilə baş tutan aksiya zamanı Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ziyarət edilib.

Ziyarət zamanı Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki əlaqələndiricisi Nuranə Hüseynova və DİDK əməkdaşları ölkəmizə parlaq Zəfər qazandıran qəhrəman övladlarımızın Vətənə xidmətlərinin heç bir zaman unudulmayacağını bir daha vurğulayıb, xaricdə yaşayan soydaşlarımızın bu istiqamətdə gördükləri işləri nəzərə çatdırıblar. Sonra şəhid və qazi ailələrinə bayram sovqatları, eləcə də BƏƏ-də yaşayan azərbaycanlı uşaqların ürək sözlərindən ibarət açıqcaları təqdim edilib.

Aksiya Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi, hərbi feldşer Arəstə Baxışovanın 13 yaşlı oğlu Mərdan Məmmədlinin döğüm gününə təsadüf etdiyindən, təşkilatçılar onu bu münasibətlə də təbrik ediblər.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından BƏƏ-dəki 5 iş adamının təşəbbüsü ilə “Şəhidlər ölməz” qrupu yaradılıb. Bu qrupun fəaliyyəti nəticəsində indiyədək 11 şəhid və qazi ailəsinə maddi və mənəvi dəstək göstərilib. Yeni il ərəfəsində isə şəhid və qazi ailələrinə bayram sovqatı göndərilib.