...

Nizami Gəncəvi haqqında ingilis dilində videomaterial hazırlanıb

02.01.2022

Kanadanın Toronto şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə ingilis dilində videomaterial hazırlanıb.

Torontoda fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən layihə Kanadada yayımlanan “EL TV Production” studiyasında lentə alınıb.

Videomaterialda qeyd olunub ki, Azərbaycan dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi böyük sənətkarlar bəxş edib. Amma onların arasında qüdrətli söz ustadı, böyük mütəfəkkir, dünya klassik ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi öz möhtəşəm və müdrik yaradıcılığı ilə seçilir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

Videomaterialda Nizami Gəncəvinin bütün elm sahələrinə dərindən bələd olduğu, ən yaxşı mədrəsələrdən birində görkəmli alimlərdən hərtərəfli təhsil aldığı, Azərbaycan türkcəsi, ərəb və fars dillərindən başqa, qədim pəhləvi, nəsturi, yəhudi dillərini bildiyi, geniş şöhrət tapmış “Xəmsə”si ilə dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığı, özündən sonrakı nəsillərə ölməz və zəngin irs qoyub getdiyi, böyük ədəbi məktəbin bünövrəsini qoyduğu barədə ətraflı məlumat verilib. Mütəfəkkir şairin xatirəsinin əbədiləşdirildiyi, doğma şəhəri Gəncədə məqbərəsinin, Bakıda, Sankt-Peterburqda və Romada heykəllərinin ucaldıldığı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin onun adını daşıdığı nəzərə çatdırılıb. Qeyd edilib ki, Bakıdakı Nizami metro stansiyasının vestibülündəki divarlar “Xəmsə”yə daxil olan poemalardakı "Nəqqaş Mani", "Kərpickəsən kişinin dastanı", "Daranın ölümü", "Məcnun və atası" kimi süjetlərə çəkilən rəsmlərlə bəzədilib.

Videomaterialı aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/4gd0KEMGBTw