Çində Nizami Gəncəvinin yubileyi münasibətilə elmi jurnal nəsr olunub
Pekində Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan elmi jurnal çap olunub.
Pekin Xarici Dillər Universiteti (PXDU) Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə dərc olunan jurnal "Nizami irsi" layihəsi çərçivəsində işıq üzü görüb.
Nəşrə universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrin 11 məqaləsi daxil edilib. Onların beşi tədqiqat, ikisi publisistik, dördü isə tərcümələrdir.
PXDU Azərbaycan dili kafedrasının müdiri, "Nizami irsi" layihəsinin rəhbəri, elmi jurnalın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev hesab edir ki, gənc çinli nizamişünasların məqalələri Azərbaycan-Çin ədəbi münasibətlərinin inkişafına, Nizami Gəncəvi irsinin bu ölkədə daha dəqiq tanıdılmasına əhəmiyyətli töhfədir. Şərq ədəbiyyatının böyük dühası olan Nizami Gəncəvi öz yaradıcılığı ilə həm də Azərbaycan-Çin ədəbi əlaqələrinin rəmzinə çevrilib. Onun əsərlərində Çin qızı obrazının yaradılması ilə yanaşı, Çin ipəyi, çini qablar, Çin metalı, Çin silahı kimi ifadələr də işlədilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsindən sonra PXDU-nun Azərbaycan dili kafedrası “Nizami irsi” adlı elmi-ədəbi layihənin icrasına başlayıb. Layihə çərçivəsində il ərzində Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilib.