Tallin şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Estoniyanın Tallin şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib.
Tallindəki Azərbaycan Evinin və Azərbaycanın Estoniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyənin Estoniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Estoniyadakı soydaşlarımızı təbrik ediblər. Bildirilib ki, dünya azərbaycanlılarının birliyinə hər zaman böyük önəm verən xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik təşəbbüsü ilə 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilib. Məhz ulu öndərin sayəsində xarici ölkələrdəki Azərbaycan diasporu ilə iş dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Tədbir azərbaycanlı gənc musiqiçilərin təqdim etdiyi bayram konserti ilə davam edib.