...

İsraildə Həmrəylik Günü münasibətilə virtual tədbir təşkil edilib

28.12.2021

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib.

“Azİz”in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə aparılan tədbirə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız qatılıblar.

Bayramlar münasibətilə soydaşlarımızı təbrik edən moderator İsrail Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mixail Salmanın “Qalib Azərbaycan” şeirlər kitabını təqdim edib. Qeyd edib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərini, döyüşçülərini, sənət adamlarını, şəhərlərini, kəndlərini, füsunkar mənzərəsini tərənnüm edən şeirlər kitabı Azərbaycan Prezidenti, xalqımızın xilaskar sərkərdəsi İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak soydaşlarımıza xoş arzularını ifadə edib və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalına layiq görülən diaspor fəalları Mixail Aqarunovu, Aleksandr Aqranovskini, Səadət Şükürovanı və Salman Rabaevi, eləcə də iki ölkənin elm, mədəniyyət və ictimai həyatına töfhələr verən yubilyar soydaşlarımızı təbrik edib. O, “Azİz”in fəaliyyətinə hər zaman böyük dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və əməkdaşlarına xüsusi minnətdarlığını bildirib.

Soydaşlarımızı bayramlar münasibətilə təbrik edənlər arasında Azərbaycanın Xalq artisti Flora Kərimova, Bakının fəxri vətəndaşı İsay Skvirski, professor Mixail Aqarunov, istedadlı rəssam Ariel Aqarunov və başqaları olub.