...

Novorossiyskdə Həmrəylik Günü xeyriyyə aksiyası ilə qeyd edilib

28.12.2021

Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xeyriyyə tədbiri keçirilib.

Krasnodar diyarı Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli hakimiyyət qurumlarının, Azərbaycan, alman, polyak, gürcü, yunan və digər icmaların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayev və digər soydaşlarımız xalqımızı və dünya azərbaycanlılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər. Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik təşəbbüsü ilə 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.

Bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan natiqlər qalib xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər. Tədbir iştirakçıları xalqımızı və dünya azərbaycanlılarını “dəmir yumruq” ətrafında sıx birləşdirən, torpaqlarımızı 30 illik erməni işğalından qurtaran, ölkəmizi bölgənin lider dövlətinə çevirən Azərbaycan Prezidentinə ən xoş arzularını çatdırıb, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi fəaliyyətində ona uğurlar arzulayıblar.

Tədbir 500 çoxuşaqlı və aztəminatlı ailəyə xeyriyyə yardımının göstərilməsi ilə başa çatıb.