...

Dərbənddə Nizami Gəncəvinin yubileyi qeyd edilib

27.12.2021

Dağıstan Respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə şəhər administrasiyasının, ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri qüdrətli söz ustadının Dərbənddə ucaldılmış abidəsini ziyarət ediblər.

“İrs” regional ictimai təşkilatının şəhər administrasiyası ilə birlikdə təşkil etdiyi tədbir Nizami Gəncəvi adına 6 saylı orta məktəbdə davam etdirilib. Tədbir zamanı dahi şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Misilsiz əsərlərində bəşəri dəyərləri və uca amalları təlqin edən görkəmli mütəfəkkir şairin Şərq və Qərb ədəbiyyatında davamçılarının olduğu vurğulanıb.

Sonra məktəb şagirdlərinin və Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı artistlərinin ifasında “Xəmsə”yə daxil olan poemalardan parçalar və şairin qəzəllərinə yazılmış romanslar səsləndirilib.