...

Moskva vilayətində “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən Müharibəsində” kitabının təqdimat mərasimləri keçirilib

27.12.2021

Moskva vilayətinin İstra, Leninsk və Lyubertsı şəhərlərində “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən Müharibəsində” adlı kitabın təqdimat mərasimləri keçirilib.
İstra şəhərinin A.Çexov adına Mərkəzi Kitabxanada, Leninsk şəhərinin Mərkəzi Rayon Kitabxanasında, Lyubertsı şəhərinin S.Yesenin adına Mərkəzi Kitabxanada baş tutan təqdimat mərasimlərində yerli hakimiyyət orqanlarının, kütləvi informasiya vasitələrinin, Azərbaycan icmasının nümayəndələri, müharibə və əmək veteranları iştirak edblər. Tədbirlərdə Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatının sədri Elşən İbrahimov, İstra şəhər dairəsi administrasiyasının başçısının müavini Vadim Qrebenşikov, Leninsk şəhər administrasiyasının gənclər, mədəniyyət və idman işləri üzrə idarənin rəisi Moisey Şamailov, “Lyuberets TV”nin baş direktoru Yekaterina Deqtyarova və başqaları çıxış ediblər.
Kitabın ideya müəllifi və tərtibçisi, Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatının sədr müavini Həşim Əliyev tarixi faktlarla bağlı araşdırmaları barədə ətraflı danışıb. Kitab yazmaq ideyasının Azərbaycan xalqının qəhrəmanlıqları barədə çox az məlum olan tarixi faktların açıqlanması zərurətindən yarandığını bildirib. Qeyd edib ki, cəbhə xətti Bakıdan keçmirdi, Azərbaycan paytaxtında hərbi əməliyyatlar aparılmırdı, amma intensivlik və gərginlik baxımından arxa cəbhədə də – neft mədənlərində, fabriklərdə, zavodlarda, kənd təsərrüfatında, dəmir yolunda, dəniz nəqliyyatında üçnövbəli iş rejimində çalışan azərbaycanlıların (əsasən qadın, qoca və uşaqlar) fədakarlığını döyüş meydanındakı igidliyə bərabər tutmaq olar.
Tədbirdə II Dünya müharibəsi zamanı alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycanın müstəsna roluna həsr olunmuş sənədli film nümayiş olunub.
Moskva vilayəti hökumətinin Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatına ayırdığı vəsait hesabına nəşr edilən kitablar kitabxanaların fondlarına, şəhər administrasiyalarının rəhbərliyinə, veteran təşkilatlarının sədrlərinə hədiyyə edilib.