...

İordaniya paytaxtında Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib

27.12.2021

Əmman şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İordaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov, Azərbaycan icmasının fəalı Səbinə Namazova və başqaları çıxış ediblər. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyinə diqqəti cəlb edən natiqlər bildiriblər ki, UNESCO-nun mənzil-qərargahında, Bakıda və dünyanın müxtəlif ölkələrində qüdrətli söz ustadına həsr olunmuş beynəlxalq tədbirlər keçirilib. Azərbaycanın görkəmli şairinin humanizm ideyalarını təbliğ etdiyi, sülhə, dostluğa və ədalətə çağırışı əks etdirən əsərlərinin müxtəlif dillərə tərcümə edildiyi, onun adının dünyanın bir sıra ölkələrində əbədiləşdirildiyi nəzərə çatdırılıb.

Tədbir Azərbaycan klassik musiqisindən ibarət konsert proqramının təqdim olunması ilə başa çatıb.