...

İstanbulda Nizami Gəncəvinin yubileyi münasibətilə tamaşa təqdim edilib

27.12.2021

Türkiyənin İstanbul şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsi əsasında hazırlanan tamaşa təqdim olunub.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Vətən müharibəsində qazanılan Zəfərin birinci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), İstanbulun Maltəpə və Sarıyer bələdiyyələrinin, “Xarıbülbül Vizyon Teatrı”nın və digər qurumların nümayəndələri iştirak ediblər.

Tamaşanın təqdimatından öncə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, TÜRKSOY-un təmsilçisi Elçin Qafarlı, Sarıyer Bələdiyyəsinin sədr müavini Hüseyin Coşqun və “Xarıbülbül Vizyon Teatrı”nın rəhbəri Kəmalə Cabbarova çıxış edərək, qüdrətli söz ustadının həyat və yaradıcılığından danışan natiqlər dahi şəxsiyyətin Azərbaycan və dünya ədəbiyyatına bəxş etdiyi töhfələrə, yaradıcılığının fəlsəfi aspektlərinə diqqəti cəlb ediblər.

Mərasimdə Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə türk jurnalistləri Uğur Yıldırıma (“Sabah” qəzeti), Ali Burak Ersemizə (“TV 100” kanalı), Osman Girginə (“Haber Global”) və Çetiner Çetinə (“Habertürk”) mükafatlar təqdim edilib.

Sonra tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, tamaşanın baş koordinatoru Yunus Soyupek, bədii rəhbəri Kəmalə Cabbarova, ssenari müəllifi və rejissoru Adem Yaşar, musiqi və geyim tərtibatçısı Lətafət Rafiqqızı, tərcüməçi Yurtsevər Şən, bədii rəssam və dizayn ustası Tarıyel Əlizadədir.

Tədbir çərçivəsində böyük düha sahibi Nizami Gəncəvinin yaradıcılığını əks etdirən rəsm əsərlərindən və kitablardan ibarət sərgi təşkil olunub.