“Zəfər turniri-2021” mini-futbol turnirinə yekun vurulub
Ölkəmizin Vətən müharibəsində qazandığı parlaq Zəfərin birinci ildönümünə həsr olunmuş “Zəfər turniri-2021” mini-futbol turnirinə yekun vurulub.
16 dövlət qurumunun əməkdaşları və könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən turnir noyabrın 1-də start götürüb, final oyunu isə böyük Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə - dekabrın 24-də baş tutub.
Komandaların A, B, C və D qrupları üzrə mübarizə apardığı turnirdə DOST Agentliyinin komandası 3-cü, Gənclər və İdman Nazirliyinin komandası isə 4-cü yeri tutub. Finalda Dövlət Gömrük Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin komandaları üz-üzə gəliblər. Final oyunu Dövlət Gömrük Komitəsinin qələbəsi ilə yekunlaşıb.
Final oyununu izləyənlər arasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kənd Təsərrüfatı naziri İnam Kərimov da olub. Qaliblərə mükafatları da nazir və komitə sədrləri təqdim edib.
Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə Koordinatorluğu nəzdində fəaliyyət göstərən “Karabağ Azerbaycandır Koordine Etme Derneği”nin və “QOLAT Sport Service”-in təşkilatçılığı ilə həyata keçirilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası turnirin əsas tərəfdaşı olub.