Stokholmda “Azərbaycanın şanlı tarixi zəfəri” mövzusunda konfrans keçirilib
Stokholm şəhərində ölkəmizin Vətən müharibəsində qələbə qazanmasının birinci ildönümünə həsr olunmuş “Azərbaycanın şanlı tarixi zəfəri” mövzusunda konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Odlar Yurdu" İsveç-Azərbaycan Mədəniyyət Təşkilatının və İsvec Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanın İsveçdəki səfirliyinin, ölkənin Stokholm, Höteborq və Jönköping şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələri, türk və digər dost icmaların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə "Odlar Yurdu" İsveç-Azərbaycan Mədəniyyət Təşkilatının sədri Sevinc Nemətova, İsvec Azərbaycanlıları Koordinasiya Şurasının sədri İradə Əliyeva, Azərbaycan səfirliyinin əməkdaşı Cavanşir Məmmədov və başqaları çıxış edblər.
44 günlük Vətən müharibəsi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və Zəfər Günü haqqında təəssüratlarını bölüşən natiqlər ölkəmizin 30 ilə yaxın davam edən erməni işğalından azad edilməsi, ərazi bütövlüyünün təmin olunması, Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması, Qarabağın dirçəldilməsi naminə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz və əvəzsiz xidmətlər göstərdiyinə diqqəti cəlb ediblər. Çıxış edənlər və qonaqlar İsveçdə yaşayan azərbaycanlılar və Azərbaycansevərlər adından dünyanın nüfuzlu siyasətçiləri arasında xüsusi yer tutan dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik ediblər.
Azərbaycanın parlaq qələbəsinə həsr olunmuş filmə baxışdan sonra konfrans ədəbi-bədii proqramla davam edib. Tədbir çərçivəsində Azərbaycan həqiqətlərini əks etdirən fotosərgi, milli geyimlərimiz və mətbəx nümunələrimiz nümayiş etdirilib.