Tatarıstanın Leninoqorsk şəhərində Həmrəylik Günü qeyd edilib
Tatarıstan Respublikasının Leninoqorsk şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib.
“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan xeyriyyə tədbirində şəhər administrasiyasının, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir diasporun gələcək nəslini təmsil edəcək milli geyimli məktəbli uşaqların ifasında Azərbaycanın Dövlət Himninin səsləndirməsi ilə başlayıb. “Birlik” diaspor təşkilatının sədri Ramiz Məmmədov, Leninoqorsk rayonu başçısının müavinləri Sergey Timakov, Gülfira Rafiqova və başqaları çıxış edərək, xalqımızı və Tatarıstanda yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik ediblər. Onlar Azərbaycan diasporunun şəhərin və respublikanın ictimai, iqtisadi, mədəni həyatında, Azərbaycan və Tatarıstan arasında qarşılıqlı əlaqələrin genişlənməsində fəal iştirakını yüksək qiymətləndiriblər.
“Tatarıstan” ictimai birliyinin sədr müavini Emin Ramazanovun təşkil etdiyi telekörpü nəticəsində Azərbaycandan bu təbriklərə Dövlət Dil Komissiyası nəzdində Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru Röya Tağıyeva, Xalq artisti, tanınmış rejissor Vidadi Həsənov, alim-kulturoloq Fuad Məmmədov da qoşulublar.
Azərbaycan, tatar və rus dillərində mahnılardan ibarət olan konsert proqramı ilə davam edən tədbirin sonunda diaspor fəallarına təşəkkürnamələr, müharibə və əmək veteranlarına, çoxuşaqlı analara və həkimlərə hədiyyələr təqdim edilib.
Tədbir çərçivəsində təşkil edilən sərgidə Azərbaycan mədəniyyətini əks etdirən rəsm
əsərləri, musiqi alətləri, kitablar və suvenirlər nümayiş etdirilib.