...

Dövlət Komitəsində "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları ilə görüş olub

20.12.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları ilə görüşü keçirilib.

Görüş zamanı Komitə sədri öz ölkələrində geniş auditoriyası olan, ictimai-siyasi proseslərdə fəal iştirak edən 18 gənci bu layihənin ilk iştirakçısı kimi salamlamaqdan məmnun olduğunu bildirib. DİDK-nın fəailiyyət istiqamətləri, Azərbaycan Diasporuna Dəstək Fondu vasitəsilə həyata keçirilən layihələr, “Diaspor Gəncləri 1+1” proqramının məqsədi və əhəmiyyəti barədə danışıb. Azərbaycan diasporunun tarixi vətənlərinin təbliğ olunması istiqamətində gördüyü işlərə, xarici mediada ölkəmizdən bəhs edən məqalələrin və məlumatların dərc olunmasına diqqəti cəlb edib.

Bu maraqlı layihəyə görə DİDK-ya təşəkkürlərini bildirən gənclər Bakı, Gəncə, Bərdə, Ağdam, Füzuli və Şuşa şəhərlərinə səfərlə bağlı təəssüratlarını bölüşüblər. Onlardan bəziləri ilk dəfə Azərbaycana gəldiklərini söyləyiblər. “Biz işğaldan azad edilmiş ərazilərlə bağlı geniş məlumat aldıq. Bu səfər zamanı həqiqətləri gördük və öz ölkəmizdə Azərbaycan barədə məlumatların çox vaxt təhrif olunduğunu hiss etdik. Böyük təəssüratla ölkələrimizə qayıdırıq və Azərbaycan həqiqətlərini yaşadığımız cəmiyyətlərin nəzərinə çatdıracağıq”, - deyə vurğulayıblar.

Qeyd edək ki, 15-21 dekabr 2021-ci il tarixində start verilən layihənin ilk iştirakçıları 9 ölkədən (ABŞ, Polşa, İtaliya, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və İordaniya) 18 nəfər olub. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Layihəyə əsasən, hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib. Məqsəd Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününkiləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, ölkəmizin multikultural zənginliyini, eyni zamanda 30 illik işğal və 44 günlük Vətən müharibəsi ərzində Ermənistanın qəsbkarlığı nəticəsində torpaqlarımıza və xalqımıza qarşı törədilmiş vandalizm aktlarını, hərbi cinayətləri və azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma, bərpa-quruculuq prosesini qonaqlara göstərməkdir.