...

"Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları Şuşaya səfər ediblər

20.12.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları Şuşa şəhərində səfərdə olublar.

Səfər çərçivəsində layihə iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Yuxarı Gövhər ağa məscidlərini, Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini, görkəmli sənətkar Bülbülün ev-muzeyini ziyarət ediblər.

Layihə iştirakçılarına bir il ərzində Şuşada aparılan yenidənqurma və bərpa işləri, keçirilən mədəni tədbirlər barədə ətraflı məlumat verilib. Şuşadan qayıdarkən layihə iştirakçıları Füzüli beynəlxalq hava limanı ilə tanış olublar.

Qeyd edək ki, 15-21 dekabr 2021-ci il tarixində start verilən layihənin ilk iştirakçıları 9 ölkədən (ABŞ, Polşa, İtaliya, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və İordaniya) 18 nəfər olub. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Layihəyə əsasən, hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib. Məqsəd Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününkiləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, ölkəmizin multikultural zənginliyini, eyni zamanda 30 illik işğal və 44 günlük Vətən müharibəsi ərzində Ermənistanın qəsbkarlığı nəticəsində torpaqlarımıza və xalqımıza qarşı törədilmiş vandalizm aktlarını, hərbi cinayətləri və azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma, bərpa-quruculuq prosesini qonaqlara göstərməkdir.