Dövlət Komitəsi "Diaspor Gəncləri 1+1" layihəsinə start verib
Diasporla İş üzrə Dövlət Komitəsi "Diaspor Gəncləri 1+1" layihəsinə start verib.
15-21 dekabr tarixlərində təşkil olunan layihəyə 9 fərqli ölkədən 18 nəfər iştirakçı qatılacaq. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Yəni hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib.
Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda 30 illik işğal müddətində ermənilər tərəfindən törədilmiş vandalizm aktlarını, 44 günlük Vətən müharibəsi ərzində ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini və işğaldan sonra azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma, bərpa-quruculuq prosesini qonaqlara göstərməkdir. Əcnəbi iştirakçılar öz ölkələrində geniş auditoriyası olan, ictimai-siyasi proseslərdə aktiv iştirak edən şəxslərdir.
Bu gün "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Səfər proqramına Bakı, Gəncə, Bərdə, Ağdam və Füzuli şəhərlərində ölkəmizin tarixi, dini və mədəni abidələrini ziyarət daxildir. "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları eyni zamanda işğaldan azad olunmuş bölgələrimizdə erməni vəhşiliyinin, cəbhə xəttindən kənarda yerləşən şəhərlərdə isə erməni terrorunun nəticələri ilə tanış olacaqlar.