...

Misirdə Azərbaycan dilini öyrənən ərəb tələbələrlə görüş olub

16.12.2021

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Misir Ərəb Respublikasına səfəri çərçivəsində bu ölkədə Azərbaycan dilini öyrənən ərəb tələbələrlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, DİDK-nın səmərəli fəaliyyəti yerli tələbələrin Azərbaycana və doğma dilimizə marağını gündən-günə artırır. Gənclərin dilimizi öyrənməsini iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə kimi qiymətləndirən alim Misir və Azərbaycanın qədim dövrə söykənən tarixi və mədəni əlaqələrindən danışıb.

DİDK sədrinin müavini Elşad Əliyev dilimizə maraq göstərən yerli tələbələrə, onlara Azərbaycan dilini və ədəbiyyatını mükəmməl şəkildə tədris edən Seymur Nəsirova və digər müəllimlərə təşəkkür edib. Qeyd edib ki, misirli tələbələr Azərbaycan dilini mənimsəməklə ərəb sözlərinin və ifadələrinin də yer aldığı Azərbaycan ədəbiyyatını, tarixini öyrənə, klassik şairlərimizin ərəb dilində yazdıqları əsərlərlə tanış ola biləcəklər. Vətən müharibəsi dönəmində Misirdə yaşayan fəal soydaşlarımızla bərabər, Azərbaycansevər misirlilərin də ölkəmizin yanında olması yüksək qiymətləndirilib, bu ədalətli mövqelərinə görə misirli tələbələrə ayrıca minnətdarlıq bildirilib.

Görüş tələbələrin azərbaycanca şeirlər və mahnılar səsləndirməsi, “Leyli və Məcnun” poeması əsasında hazırladıqları tamaşanın videosunun nümayiş etdirilməsi ilə başa çatıb.