Ukraynadakı diasporumuz kiksboksinq üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb
Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmtəsisçisi, sərbəst güləş üzrə Azərbaycan və SSRİ-nin Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivin Kiyev şəhərində keçirilən “Wizard Open-2021” beynəlxalq kikboksinq turnirində uğurla çıxış edən Azərbaycan komandasının məşqçi və hakim heyəti ilə görüşüb.
“Bakinets” güləş idman klubunda baş tutan görüş zamanı UAR həmtəsisçisi idmançılarımızı mötəbər turnirdə qazandıqları böyük nailiyyət münasibətilə təbrik edib. Bildirib ki, Ukrayna, Türkiyə, Polşa, İsrail, Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Tacikistan, Moldova və Yunanıstan kikboksçuları ilə mübarizədə komandamızın 11 qızıl, 3 gümüş, 5 bürünc qazanması Azərbaycan idmançılarının və məşqçilərinin yüksək peşəkarlığının bir daha dünyaya nümayiş etdirilməsidir.
UAR baş katibi Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan idmanı və idmançıları diasporumuzun qürur mənbəyidir. “Sağlam gənclik – güclü və qüdrətli ordunun, güclü dövlətin təməlidir”, - deyə UAR baş katibi vurğulayıb.
Turnirdə göstərdikləri uğurlu nəticələrə görə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş inspektoru, polkovnik-leytenant, “Ağ canavar” ləqəbli kikboksçu, məşqçi Eduard Məmmədova, Cəmiyyətin məşqçisi Hikmət Hacıyevə, “Sərhədçi” İdman Kompleksinin məşqçisi, mayor Fuad Zeynalova, Müşfiq Hüseynliyə, beynəlxalq dərəcəli hakim Aydın Ağabəyova, kikboksinq üzrə dünya çempionu Əli Orucova, yüksək təşkilatçılığa görə isə Ukrayna Milli Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimova fəxri fərman və hədiyyələr təqdim olunub.
Diaspor fəallarının da iştirak etdiyi görüşdən sonra idmançıların şərəfinə ziyafət verilib.
Qeyd edək ki, turnirdə azərbaycanlı kikboksçular Məhəmməd İmanov, Emil Hümbətov, Xəyal Dadaşov, Amil Məmmədov, Elnur Mustafayev, Rafiq Babazadə, Amin Quliyev, Elvin Məmmədov, Rinat Qiyaslı, Qəşəm Məmmədov və Elşad Şahbazov I yeri, Elcan Alıkişiyev, Elməddin Baxşəliyev və Xəyal Astanov II yeri, Əli Cəfərov, Hüseyn Hacıyev, Rəvan Abdullazadə, Mirhəsən İbrahim və Kazımov Vüsal III yeri tutublar.