...

Vyanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

15.12.2021

Dekabrın 14-də Vyanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili, Əminə Ağazadə və Elnur Allahverdiyev, Türkiyə Böyük Millət Məclisinin üzvü Muhammed Fatih Toprak, Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan, bu ölkədəki Azərbaycan və Avstriya diasporunun fəalları iştirak ediblər.
Tədbirdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi böyük təntənə və qürur hissi ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir.
Qeyd edilib ki, bu bayramın bünövrəsi hələ 1991-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfir bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2001-ci ildən bu günə kimi dünya azərbaycanlılarının 4 qurultayı keçirilib ki, bu da diaspor quruculuğu işinə əsaslı töhfə verib. Diqqətə çatdırılıb ki, dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycanla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, Ermənistanın dezinformasiya siyasətinin qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Xüsusilə vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi zamanı əldə edilən Zəfər bölgədə yeni reallıqlar yaradıb və bu yeni vəziyyət qarşımızda yeni imkanlar, eyni zamanda yeni vəzifələr qoyur.
Azərbaycan Milli Məclisinin deputatı, Avstriya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Tahir Mirkişili çıxışında türk dünyasının Avropa və Çin arasında strateji yer tutduğunu, yeni kommunikasiya və enerji layihələrində mühüm rol oynama imkanına sahib olduğunu bildirib. Qeyd edib ki, çoxmərkəzli və çoxqütblü yeni dünya düzənində türk ölkələri arasında əməkdaşlıq daha da güclənməli və diaspor da bu işə öz töhfəsini verməlidir.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Avstriya dostluq qrupunun sədri Muhammed Fatih Toprak Azərbaycan və Türkiyənin sadəcə dost və qonşu ölkə olmadıqlarnı, ortaq soykökə bağlı qardaş xalqlar olduqlarını diqqətə çatdırıb. Bildirib ki, iki ölkə arasında əlaqələrin səviyyəsi ürəkaçan olsa da, mövcud potensial bu əlaqələri daha da inkişaf etdirməyə və xalqlarımızı daha dərin bağlarla yaxınlaşdırmağa imkan verir.
Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün iki ölkə arasında qardaşlığın rəmzinə çevrilmiş kəlamlarını yada salaraq, bu gün hər iki ölkənin dövlət başçılarının da iki qardaş dövlət arasında strateji əməkdaşlığın inkişafı üçün səylə çalışdıqlarını diqqətə çatdırıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyi, bu il Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycanın qardaş yardımı bu dostluq və qardaşlığın bariz nümunələridir.
Çıxışlarda diaspor fəaliyyətində türk dilli dövlətlərin mədəniyyətinin təbliği də diqqət mərkəzində dayanmasının vacibliyi vurğulanıb, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü və orada qəbul olunan qərarlardan bəhs olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri İsmayıl Ənsərli və Vyana Universitetinin doktorantı Aytən Əliyeva Azərbaycanda diaspor quruculuğu, komitənin yarandığı gündən indiyədək keçdiyi inkişaf yolu, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun gördüyü işlər barədə təqdimatla çıxış ediblər.
Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin sədri Yardım Günəş və Avstriya Azərbaycanlıları Assosiasiyasının sədri Rüfət Həsənov çıxışlarında rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, qarşıda duran vəzifələr, türk diaspor təşkilatları, eləcə də yerli qurumlarla əməkdaşlıq imkanları barədə danışıblar.
Tədbirdə Avstriyadakı türk diaspor təşkilatlarının rəhbərləri də çıxış ediblər, sonra birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.