Bişkekdə Heydər Əliyev və Çingiz Aytmatov yad edilib
Bişkek şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevə və tanınmış qırğız yazıçısı, mütəfəkkiri Çingiz Aytmatova həsr olunmuş tədbir keçirilib.
Qırğızıstanda fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun təşkilatçılığı ilə Mərkəzləşdirilmiş kitabxana sisteminin əsas ofisində baş tutan tədbirdə Azərbaycan səfirliyinin, diasporumuzun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gülsayra Dandıbayeva, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədr müavini Kərimbəy Kadırakunov, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov çıxış ediblər. Natiqlər türk dünyasının iki dahi şəxsiyyətinin həyat və fəaliyyəti, Heydər Əliyevin siyasətdə, Çingiz Aytmatovun isə ədəbiyyatda qüdrəti və nüfuzu barədə danışıblar.
Qeyd edilib ki, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun təşəbbüsü və dəstəyi ilə “İki qüdrətli oğul” sənədli filmi çəkilib, akademik Osmonakun İbramovun “Çingiz Aytmatov, imperiyanın sonuncu yazıçısı” kitabı Azərbaycan dilində çap edilib. Akademik O.İbramov kitabın Azərbaycan dilində nəşr olunmasına görə diasporumuza minnətdarlığını bildirib.
Tədbir “Çingiz Aytmatov, imperiyanın sonuncu yazıçısı” kitabının təqdimatı və “İki qüdrətli oğul” filminin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, sənədli filmin ssenari müəllifi və rejissoru Qırğıstanın Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Zamir Yeraliyevdir.