...

Dövlət Komitəsi əməkdaşları Misir parlamentinin komitə sədri ilə görüşüb

13.12.2021

Misir Ərəb Respublikasında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının ölkə parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Prof. Dr. Şeyx Əli Cümə ilə görüşü keçirilib.

Misir parlamentinin binasında baş tutan görüşdə DİDK sədr müavini Elşad Əliyev, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, komitənin və səfirliyin əməkdaşları iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını misirli millət vəkilinə çatdıran sədr müavini Afrika dövlətləri arasında ilk dəfə olaraq Misirdə Azərbaycan səfirliyinin açılması, Misir-Azərbaycan dostluq qrupunun ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışıb. Komitənin sədr müavini Şeyx Əli Cümənin diasporumuzun fəaliyyətinə dəstəyinin Azərrbaycanda yüksək qiymətləndirildiyini deyib, Misirin 3 Universitetində Azərbaycan dilinin tədris olunmasını təqdirəlayiq hal adlandırıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin Vətən müharibəsində parlaq qələbə qazanması münasibətilə dövlət başçımıza ünvanladığı təbrik məktubuna görə DİDK sədrinin adından Şeyx Əli Cüməyə minnətdarlıq bildirilib. Azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və abadlıq işlərindən danışarkən, sədr müavini misirli parlamentarini Azərbaycanda görmək istədiklərini bildirib. Qeyd edib ki, misirli millət vəkilinin işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri öz gözü ilə görməsi böyük əhəmiyyət kəsb edir.

Misir və Azərbaycanın tarixən dost və qardaş ölkə olduğunu xatırladan Şeyx Əli Cümə iki dövlət arasında əlaqələrin inkişafına töhfələr verildiyini və bundan sonra da bu fəaliyyəti davam etdirməyə hazır olduğunu söyləyib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütovlüyünün bərpası xəbərinə çox sevindiklərini vurğulayan millət vəkili Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla xalqımızı Vətən müharibəsində qazandıqları qələbə münasibətilə bir daha təbrik edib. Ölkəmizin buna nail olması nəticəsində bölgədə davamlı sülhün bərqərar olacağına şübhəsi olmadığını söyləyib.

Azərbaycan diasporu ilə əməkdaşlıq münasibətlərindən danışarkən parlamentari bildirib ki, dünyada tolerantlığın yayılması, radikalizmlə mübarizə aparılması məqsədilə Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirovla 20 ildən çoxdur bir yerdə çalışırlar və tələbələr yetişdirirlər. Şeyx səmimi salamını DİDK sədrinə çatdırmağı rica edib.

Azərbaycan səfiri qonaqları qəbul etdiyi üçün millət vəkilinə təşəkkür edərək, onu ölkəmizə səfərə dəvət edib. Diplomat bildirib ki, misirli parlamentarini ölkəmizdə görməkdən məmnun olarlar.

Görüşün DİDK adından Şeyx Əli Cüməyə üzərində “Xarı bülbül” rəmzini əks etdirən hədiyyə və ərəb dilində “Azərbaycan haqqında 100 sual” kitabı təqdim edilib. Parlamentari də öz növbəsində DİDK sədrinin müavininə və Azərbaycan səfirinə Misir parlamentinin təsviri olan suveniri hədiyyə edib.